Binəqədi rayonunda 15 İyun – “Milli Qurtuluş Günü” münasibəti ilə “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirildi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə gül dəstələri düzüldü, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad edildi.
Tədbir müasir, müstəqil Azərbaycanın qurucusu dahi Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavinləri - Hacıbaba Babayev və Sevinc Süleymanova, RİH başçısı Aparatının şöbə müdirləri, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev, Binəqədi rayon ictimaiyyətinin nümayəndələri və YAP Binəqədi rayon təşkilatının fəalları iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vurğuladı ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. E. Allahverdiyev əlavə etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız sabaha böyük inamla irəliləyir.
Daha sonra çıxış edənlər Hüseyn Əsgərov, İftixar Piriyev qeyd etdilər ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyun tarixə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır. Ulu öndər Heydər Əliyevin iyun ayının 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Sonda Vüsar İsmayılov çıxış edərək bildirdi ki, Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ümummilli lider Heydər Əliyevdir. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Tədbirin bədii hissəsində Bakı Humanitar Kollecin müəllimləri- Yaqut Xəlilzadə və Zaur Əzimli tərəfindən "Ana Vətən", "Vətən gözəl" və "Alagöz" mahnıları ifa olundu.