Binəqədi rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirildi
31 yanvar 2023-cü il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin təşkilatçılığı 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Səbinə Xasayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Sevinc Süleymanova, Hacıbaba Babayev, Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev, Rayon Gənclər və İdman idarəsinin rəisi Namiq Tarverdiyev və müxtəlif sahələr üzrə öz fəaliyyətləri ilə fərqlənən gənclər iştirak etdilər.
Görüşdən öncə qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış oldular, tələbələr tərəfindən hazırlanan və TEKNOFEST 2022 festivalında nümayiş olunan avtomobilə baxış keçirdilər. Mərkəzin direktoru İdris Musayev qonaqlara emalatxanaların təyinatı və tələbələrin əldə etdiyi nailiyyətlər haqqında məlumat verdi. Görüş istirakçıları gənclərin çəkdiyi rəsm əsərləri və incəsənət nümunələri ilə tanış oldular.
Tədbir Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yad olunmasından və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
İlk öncə çıxış edən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev qonaqları salamlayaraq hər bir Azərbaycan vətəndaşının, hər bir gəncin həyatında Ulu Öndər Heydər Əliyevin müstəsna fəaliyyətinin böyük önəm daşıdığını qeyd edərək, gənclərin ölkənin mədəni, ictimai, siyasi və iqtisadi həyatda rollarının daim artırılması sayəsində Azərbaycanın nail olduğu uğurlar barəsində söhbət açdı.
Təbrik nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyib, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra gənc millət vəkili Səbinə Xasayeva çıxışında qeyd etdi ki, məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşıb. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına böyük əminlik yaradır. Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb.
Daha sonra çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov vurğuladı ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu gün də Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarəolunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir.
Tədbirdə müxtəlif sahələr üzrə uğur qazanan rayon gəncləri çıxışlarında Ümummilli Lider Heydər Əliyevin onların nail olması üçün qoyduğu məqsədlər istiqamətində irəliləyəcəklərini və Azərbaycan gəncləri olaraq bundan sonra da, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşəcəklərini bildirdilər.
Sonda rayonun ictimai həyatında fərqlənən bir qrup gənc fəxri fərmanla təltif olundu, gənclərlə xatirə şəkli çəkildi.