Binəqədi rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi
01 fevral 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri Binəqədi rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev və rayonun elm, mədəniyyət, təhsil, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclər iştirak etdilər.
Görüşdə ilk öncə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev gəncləri salamlayaraq qeyd etdi ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyib, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə həmçinin Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev çıxış edərək gənclər sahəsində görülən işlərlə bağlı fikirlərini bildirdilər.
Görüşdə müxtəlif sahələr üzrə uğur qazanan rayon gəncləri çıxışlarında Ümummilli Lider Heydər Əliyevin onların nail olması üçün qoyduğu məqsədlər istiqamətində irəliləyəcəklərini və Azərbaycan gəncləri olaraq bundan sonra da, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşəcəklərini bildirdilər.
Sonda rayonun ictimai həyatında fərqlənən bir qrup gənc fəxri fərmanla təltif olundu, gənclərlə xatirə şəkli çəkildi.