Binəqədi rayonunda "2 iyul - Azərbaycan Polisinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirildi.
2 iyul 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi, YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2 iyul-Azərbaycan Polisinin Peşə Bayramı Günü münasibətilə Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon Polis İdarəsi rəisinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Vüsal Axundov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları iştirak etdilər.
Tədbir açıq elan edən Binəqədi Rayon Polis İdarəsi rəisinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Vüsal Axundov Azərbaycan Respublikasının bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən polis əməkdaşları adından qonaqları salamladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə edilən yüksək nailiyyətlər və Daxili İşlər Orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verdi, bütün həmkarlarını təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzu etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov çıxış edərək Polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdi, hər zaman olduğu kimi bu gündə Daxili İşlər Orqanları əməkdaşlarının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında Daxili İşlər Orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını bildiridi, peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı diplom və fəxri fərmanlarla təltif olundu, xatirə şəkli çəkildi.