Binəqədi rayonunda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda məlumat saatı keçirildi
17 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda məlumat saatı keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Terminalogiya şöbəsinin müdiri, 20 Yanvar şəhidi Yusif Sadıqovun bacısı Sayalı Sadıqova, RİH başçısı Aparatının şöbə və sektor müdirləri, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon və qəsəbə bələdiyyələrinin rəhbərləri, Binəqədi RİH yanında İctimai Şuranın üzvləri, “20 Yanvar Cəmiyyəti” Binəqədi rayonu şöbəsinin, ictimai birliklərin üzvləri və gənclər iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, 20 Yanvar hadisələri zamanı, dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək söylədi ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Baş verən qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ulu Öndər bu faciəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək, bu hadisəni humanizmə, demokratiyaya zidd hesab etdiyini kəskin surətdə bəyan etmişdir. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək ilk növbədə 20 Yanvar şəhidlərinin ruhlarını şad etdilər. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin başlatdığı azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Terminalogiya şöbəsinin müdiri, 20 Yanvar şəhidi Yusif Sadıqovun bacısı Sayalı Sadıqova xalqımızın həyatında ən ağrılı və hüznlü, eyni zamanda böyük qəhrəmanlıq, milli özünüdərk günlərindən biri olan 20 Yanvar 1990-ci il faciəsinin tarixindən, Sovet imperiyası tərəfindən Bakıda Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliamın səbəblərindən danışdı. Tarixin bütün dövrlərində müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının azadlıq ruhunu heç bir qüvvə məhv edə bilməmişdir. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda Sovet qoşunu tərəfindən amansız qətliam törədilmiş, lakin böyük faciə olan bu hadisə qəhrəman Azərbaycan xalqının müstəqillik əzmini, milli iradəsini qıra bilməmişdir. Səyalı Sadıqova vurğuladı ki, hamının qorxudan susduğu o ağır günlərdə Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin növbəti günü Azərbaycanın Moskvadakı nümayəndiliyinə gələrək, bütün dünya mətbuatı qarşısında cəsarətlə tarixi bəyanat verdi. Azərbaycan xalqına qarşı bu qanlı cinayəti törədənləri ifşa etdi və öz xalqına qarşı bu xəyanəti edən imperiyanın puç olmağa məhkum olduğunu bildirdi. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi.
Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 illik əsirlikdə olan doğma torpaqlarımız düşməndən azad oldu. Bu şanlı Zəfər tarixi həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığı tarixdir.