Binəqədi rayonunda 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirildi
18 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, YAP Binəqədi Rayon təşkilatının sədrinin müavini Sevinc Abdullayeva, 20 Yanvar Cəmiyyətinin Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov və cəmiyyətin üzvləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev iştirak etdilər.
Tədbirdə Qanlı Yanvar faciəsində, vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti baçışısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdilər ki, “1990-cı il 20 yanvar tarixi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin oyanışı günüdür. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Həmin vaxt Moskvada yaşayan xalqımızın Ümumilli Lideri Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edərək xalqımızın başına gətirilən müsibətləri, haqq səsini bütün dünyaya çatdırdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. 20 Yanvar – “Ümumxalq Hüzn Cünü” elan edildi. Bu tarix həm şəhidlərimizin anım günü, həm də ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə aparan xalqımızın birliyi günüdür. 20 Yanvar hadisələri, böyük Zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, xalqımızın birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bütün bunlar tariximizin şərəf və qürur səhifələridir”.
Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev çıxışlarında 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan Respublikasının müstəqilliyinə gedən yolda ən böyük sınaqlarından biri olduğunu və Azərbaycan xalqınin bu sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacardığını səsləndirərək, faciənin ertəsi günü Ümumilli Lider Heydər Əliyevin imperiya mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsinin, sovet rejimini ifşa etməsinin və həqiqəti dünya ictimaiyyətinə çatdırmasının bu yolda böyük bir cəsarət nümunəsi olduğunu bildirdilər.
Daha sonra “20 Yanvar Cəmiyyəti”nin Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov çıxış edərək, şəhid ailərinin, sağlamlığını itirən əllilərin pensiya təminatının, sosial təminatlarının, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi, əlillərin reabilitasiyası ilə bağlı göstərilən diqqət və qayğıya görə cəmiyyətin bütün üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.