“Binəqədi rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi
16 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Binəqədi rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.
İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, RİH başçısı Aparatının şöbə müdirləri, Bakı Regional Mərkəzinin rəisi Məhərrəm Həsənov, rəis müavini Kamil Bağırov, Mülki müdafiə idarəsinin rəisi Mirzə Əsgərov, Bakı Regional Mərkəzinin Binəqədi rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi İsrafil Məmmədov, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Rauf Qurbanov, rəis müavini Rauf Ələskərov, FHN Binəqədi rayon Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi Tahir Xasıyev, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müavini Vəli Əliyev, Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin mühəndisi Səməd Hüseynov, Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayon üzrə Texniki İstismar Xidmətinin mühəndisi Eyvaz Şükürov, Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin əməkdaşı Aslan Kərimov, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Salman Əliyev, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyə sədrləri, Binəqədi Rayon Mənzil Kommunal təsərrüfat birliyi və digər aidiyyəti qurumlar iştirak etdilər.
RİH başçısının birinci müavini Leysan Məmmədov müşavirənin məqsədi haqqında məlumat verərək bildirdi ki, rayon üzrə mülki müdafiənin vəziyyətinin, yaşayış massivlərində yanğınların baş vermə səbəblərinin öyrənilməsi, yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlərin, yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlərin müzakirəsi, baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişın təşkilidir.
Daha sonra çıxış edənlər tərəfindən rayon ərazisində fövqəladə hallara qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə yüksək gərginlikli hava elektrik ötürücü xəttlər, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərləri, eyni zamanda, meşə təsərrüfatı və digər ekoloji strateji yerlərin mühafizəsi və digər məsələlər müzakirə olundu.