Binəqədi rayonunda 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Rayon İcra Hakimiyyəti Başçısının müavinləri Sevinc Süleymanova və Hacıbaba Babayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri Günay Qurbanova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisəslərinin rəhbərləri və məktəblilərin təlim-tərbiyəsi işində qazandığı nailiyyətlərə görə fərqlənən müəllimlər iştirak edirdilər.
Tədbir topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edildi.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzuladı və qeyd etdi ki, müəllim peşəsini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkə rəhbərliyi pedaqoji fəaliyyətə böyük qayğı və diqqət göstərir. Təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən dövlət başçımız cənab İlham Əliyev yeni və müasir məktəb binalarının inşa edilməsinə, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, onların kompüterləşdirilməsinə xüsusi diqqət yetirir.
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlətimizin başçısının bu amili dövlət siyasətinin prioritetləri sırasına daxil etməsindən xəbər verir. Respublikamızda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərir. Həyatımızın ən vacib, ən aktual və ən həssas məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən birini də məhz təhsilə qayğı və diqqət təşkil edir. Mehriban Əliyevanın həyatımızın digər sahələri ilə yanaşı, təhsil sahəsində həyata keçirdiyi səmərəli əməli fəaliyyət respublikamızın təhsil ictimaiyyəti, bütövlükdə isə xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov qeyd etdi ki, BMT tərəfindən «Təhsil əsri» adlandırılan XXI əsrdə bizim üzərimizə müstəqil ölkəmiz üçün dərin və hərtərəfli biliyə malik, yüksəkixtisaslı, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı, vətənpərvər və milli ruhlu pedaqoji kadrların hazırlanması düşür. Biz müasir dövrün təhsil fəlsəfəsinə uyğun olaraq fəaliyyətimizdə kreativ olmalı, innovativ təşəbbüs və ideyaları tətbiq etməliyik. Bir sözlə, biz ölkəmizin sürətli sosial-iqtisadi inkişafının və müasir əmək bazarının tələblərinə cavab verən yüksək səviyyəli kadrları hazırlamalı, çalışdığımız təhsil müəssisələrinin təhsil-innovasiya mərkəzlərinə çevrilməsi üçün var gücümüzlə çalışmalıyıq.Vətənə layiqli vətəndaş yetişdirən müəllimin əməyi çox böyük olduğundan, onun bu peşədən qürur duymağa və fəxr etməyə haqqı var.
Tədbirdə müəllimlər adından çıxış edən riyaziyyat üzrə fəlsəfə doktoru Nizami Novruzov təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirdi və öz həmkarlarını təbrik etdi.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisinə Fəxri fərman və hədiyyələr təqdim olundu və onlarla xatirə şəkli çəkildi.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində məktəb tikintisi aparılan 14 iyun 2021-ci il tarixində 1200 yerlik 333 nömrəli tam orta məktəbin və 06 sentyabr 2022-ci il tarixində 1600 yerlik 335 nömrəli tam orta məktəbin tikintisi tamamlanmış hər iki təhsil müəssisəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Eyni zamanda Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 205 saylı tam orta məktəbin istismar müddətini başa vurmuş binasının yerində yeni məktəb binası tikilərik vətəndaşların istifadəsinə verilmiş, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 4 orta ümumtəhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Hal-hazırda Binəqədi rayonu ərazisində 126 nömrəli tam orta məktəbdə təmir işləri davam etdirilir. Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi digər zəruri infrastrukturu özündə cəmləyən təhsil kompleksində sonuncu tamamlama işləri yekunlaşdırılmışdır.