Binəqədi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid ailələri ilə görüş keçirildi
06 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid əmanətləri ilə görüş həyata keçirildi.
Görüşdə şəhid anaları, şəhid xanımları və qəhrəmanlarımızın qız övladları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev və müavinləri və Aparatın şöbə müdirləri, Azərbaycan Respublikası Milli Məclisin deputatları, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri iştirak etdilər.
Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Giriş nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs etdi. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalqımızın iradəsi və ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz düşməndən azad edildi və bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. E.Allahverdiyev həmçinin, bütün şəhid anaları və xanımlarını, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Hər il ənənəvi olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edən Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda qadınların xidmətləri əvəzsizdir. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Azay Quliyev 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edərək qeyd etdi ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini daim uca tutaraq öz mübarizliyi ilə tanınmış, eyni zamanda ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirmiş, döyüş meydanlarında da böyük şücaət göstərmişdir.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək şəhid ailələrini qarşıdan gələn bayram münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Vüsar İsmayılov Vətən müharibəsində şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından bəhs etdi. Bütün xalqımızın şəhid qəhrəmanlarımızla daim qürur duyduğunu və onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını qeyd etdi. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi.
Sonra şəhid anaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.
Tədbir rayonun 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinin hazırladığı kompozisiya ilə davam etdi.
Sonda Şəhid əmanətləri - şəhid anaları, şəhid xanımları və qəhrəmanlarımızın qız övladlarına hədiyyələr təqidm olundu və xatirə şəkli çəkildi.