Binəqədi rayonunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyinə həsr olunan “İstiqlal Bayraqları” adlı tədbir keçirildi.
27 dekabr 2022-ci il tarixində Binəqədi rayonu 314 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyinə həsr olunan “İstiqlal Bayraqları” adlı tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, 314 nömrəli tam orta məktəbin direktoru Fərman Əmirov, Əhməd Cavadın nəvəsi Almaz Bağırova, Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin direktorları, 6 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin musiqi ansamblı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak edirdilər.
Tədbir Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Fərman Əmirov böyük şair Əhməd Cavadın ədəbiyyatımızda özünəməxsus yerə sahib olduğunu qeyd edərək, istiqlal şairinin həyat və yaradıcılığının, vətənpərvərlik motivləri ilə zəngin ədəbi irsinin gənc nəsil arasında təbliğinin vacibliyindən danışdı.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, Əhməd Cavad yaradıcılığı Azərbaycan ədəbi və bədii həyatında xüsusi yer tutur. Görkəmli ədib həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnüm edən yaradıcı şəxsiyyətdir. Qəlbi Vətən eşqi ilə döyünən bu böyük şair əsərlərində vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif və ana dili kimi məsələləri gündəmə çıxarmışdı.
Sonda çıxış edən şairin nəvəsi Almaz Bağırova maarifçi və görkəmli şair Əhməd Cavadın yaradıcılığına göstərdiyi xüsusi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirərək şair haqqında xatirələrini bölüşdü.
Tədbir şagirdlərin ifasında Əhməd Cavad yaradıcılığının nümunələri ilə davam etdi.