Binəqədi rayonunda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar tədbir keçirildi
28 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Fərhad Bayramlı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi rayon İdarəsinin əməkdaşları iştirak etdilər.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılan büstünü ziyarət edərək önünə gül dəstələri qoydular, əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi rayon İdarəsinin əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində onlara uğurlar arzulayaraq xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan Azərbaycanın təhlükəsizlik orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, həmçinin torpaqlarımızın azad edilməsi uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında təhlükəsizlik xidmətinin əməkdaşlarının qarşısına qoyulmuş vəzifələri layiqincə yerinə yetirmələrini xüsusilə qeyd etdi.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Fərhad Bayramlı çıxış edərək yaranmasının 104 illiyini qeyd edən təhlükəsizlik orqanlarının tarixindən geniş söhbət açaraq, bu orqanın inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edərək, Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Fərhad Bayramlı bildirdi ki, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində ölkəmiz hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və hüquq mühafizə orqanlarının rəhbərləri çıxış edərək Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində onlara uğurlar arzu etdilər.
Sonda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi rayon İdarəsinin bir qrup əməkdaşı peşə bayramı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundu.