Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim, doğma dilim” adlı tədbir keçirildi

20 fevral 2023 | 10:29

20 fevral 2023-cü il tarixində Binəqədi rayonunda fəaliyyət göstərən 300 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim, doğma dilim” adlı tədbir keçirildi.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak etdilər.

Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin, Vətən şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva millət vəkili Q.Paşayevanın təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin siyasi xətti olan mədəniyyətimizə xidmət, dəyərlərə ehtiram baxımından təhsil müəssisələrində yubileyi olan dahi şəxsiyyətlər barədə çoxsaylı tədbirlər keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, 300 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, onlara dilimizə sevgi və hörmət hissini aşılamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Məhəbbət Vəliyeva ana dilimizin inkişafına dövlətimizin nə qədər ciddi yanaşdığını konkret misallarla əsaslandıraraq, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri barədə danışdı.

Millət vəkili Qənirə Paşayeva ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi işlərdən söhbət açdı. Milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyini vurğulayan millət vəkili Ümummilli Liderin ana dilimizin qorunması ilə bağlı siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırdı.

YAP Binəqədi Rayon Təşkilatının sədri V.İsmayılov, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizin tarixi barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.

Daha sonra millət vəkili şagirdlərə kitablar hədiyyə etdi.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirdi, şeirlər, mahnılar səsləndirdilər.

Keçidlər