Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslərə start verildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslərə start verilib.
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının lektoriya zalında təşkil olunan ilk dərsdə təşkilatın sədri Vüsar İsmayılov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İdarənin əməkdaşları, həmçinin məktəb direktorları və müəllimlər iştirak ediblər.
Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Binəqədi rayon təşkilatının sədri V.İsmayılov Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
BŞTİ-nin müdir müavini H.Əsgərov “Zəfər: ərazi bütövlüyümüz və milli qürurumuzun bərpası” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Müdir müavini bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dərslər 2022-2023-ci tədris ilinin sonuna kimi davam edəcək.