Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirildi

01 fevral 2023 | 16:04

30 yanvar 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə gənclərin rolundan, onların ictimai aktivliyindən bəhs edərək bildirdi ki, bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu getdikcə artmaqdadır. Yeni Azərbaycan Partiyası cəmiyyətdə aparıcı siyasi qüvvə olmaqla yanaşı partiya gənclərin davamlı inkişafında müstəsna rol oynayır, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onlarda milli-mənəvi dəyərlərə hörmət hislərinin formalaşması və inkişafındakı rolu misilsizdir. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Rayonumuzda partiya gənclərinin müxtəlif dövlət vəzifələrində geniş təmsilinin dövlət səviyyəsində gənclərə göstərilən inam və etimadın nümunəsidir. Bugün ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi formalaşıb. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. Azərbaycanda dövlətçiliyimizə sadiq, Prezident İlham Əliyevin xalqımızın maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu var.

Millət vəkili Azad Quliyev çıxışında qeyd etdi ki, qlobal miqyasda gedən mənfi proseslər fonunda Azərbaycan gəncliyi öz Prezidenti ətrafında sıx birləşməli, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə layiqli cavab verməyi bacarmalıdır. Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir.

O, dövlət gənclər siyasətindən bəhs edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətinin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. Onun sözlərinə görə Binəqədi rayonunda da gənclər siyasəti ardıcıl olaraq həyata keçirilir. Gəncləri hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, yüksək fəallığa malik potensial gənclər olaraq yetişmələri istiqamətində mühüm işlər görülür. Görülən işlərdə Binəqədi rayonunun gənc fəallarının da yaxından iştirak etdiklərini diqqətə çatdırdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən, dövlətçiliyimizin möhkəmlənməsinə və xalqımızın rifahına hesablanmış mühüm islahatlardan söhbət açdı. Qeyd etdi ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Təxirəsalınmaz və müdrik siyasi strategiyanın nəticəsidir ki, ölkəmiz müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması onu sübut edir ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. O, Binəqədi gənclərinə böyük ümid bəslədiyini bildirərək onların dövlətimizi və xalqımızı daim ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğuladı. Həmçinin bütün gənclərimizi dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə və dövlətimizə qarşı yönəlmiş bütün təhdidlərə qarşı həmrəy olmağa çağırdı.

Görüş gəncləri maraqlandıran sualların cavablandırılması ilə davam etdirildi.

YAP Binəqədi rayon Təşkilatının fəaliyyətində fəal iştirakına görə bir qrup gənc fəxri fərmanla təltif olundu.

Keçidlər