Binəqədi rayonunda Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti, əməkdar müəllim Asif Cahangirovla görüş keçirildi
9 mart 2023-cü il tarixində Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti, əməkdar müəllim Asif Cahangirovla görüş keçirildi.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, müəllim və şagirdlər iştirak etdilər.
276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev tədbir iştirakçılarını salamlayaraq belə bir mühüm görüşün keçirilməsinin təhsil ocağı üçün əlamətdar olduğunu bildirdi.
Məktəbin müəllimi Mədinə Malahova A.Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” kitabına həsr olunmuş təqdimatla çıxış etdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında A.Cahangirovun səmərəli fəaliyyətindən danışdı. Bildirdi ki, öz həyatını təhsilə, pedaqogikaya həsr edən A.Cahangirov təhsil islahatlarında fəal iştirak edib, səmərəli təkliflər irəli sürüb. İdarə müdiri qlobal dünyanın çağırışlarına cavab verən müasir təhsil sisteminin qurulmasında, sağlam təfəkkürlü gənc nəslin yetişməsində təcrübəli təhsil işçilərinin, mütəxəssislərin rolunun vacibliyinə diqqət çəkərək qeyd etdi ki, A.Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” adlı kitabı gənc müəllimlərin faydalana biləcəyi ən dəyərli nümunədir.
Müasir təhsil modelinə dair təqdimatla çıxış edən A.Cahangirov dünya ölkələrinin təhsil təcrübələri, XXI əsr müəlliminin hazırlığı, idarəetmədə əsaslı şəkildə müasirləşmə, müəllim və valideynlər arasında sıx əməkdaşlığın təmin olunması, "Z" və "A" nəsilləri ilə doğru ünsiyyət qurmağın vacibliyindən danışdı. Robototexnika, süni intellekt dövründə yetişən nəsillərlə davranışın həssaslıq tələb etdiyini vurğulayan A.Cahangirov yeni nəsillərlə düzgün ünsiyyət formasının seçilməsinin zəruriliyini vurğuladı.
Daha sonra A.Cahangirov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda seirlər səsləndirildi, mahnılar ifa olundu.