Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda məlumat sessiyası keçirildi
4 noyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda məlumat sessiyası keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Heydər Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, Bələdiyyələrin məsul əməkdaşları, gənclər iştirak etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 30 il bundan öncə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası sayəsində ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulub. Bu isə dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslı zəmin yaradıb.
Daha sonra İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Heydər Əliyev tədbir iştirakçılarına İnstitutun fəaliyyəti haqqında məlumat verərək, insan hüquq və azadlıqları sahəsində, eləcə də qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində görülən işləri diqqətə çatdırdı. Təlimçi-ekspert “Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda təqdimatla çıxış edərək, Konstitusiyada insan hüquqlarının müdafiəsi baxımından əks olunan maddələri şərh edərək, iştirakçılara ətraflı məlumat verdi.
Tədbir müzakirə formatında davam etdi.









