Binəqədi rayonunda Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” mövzusunda təlim keçirildi
25 dekabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədi ilə “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” mövzusunda təlim keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatın şöbə müdirləri və əməkdaşları, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclər iştirak etdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, bu istiqamətdə daha effektiv və səmərəli fəaliyyət göstərilməsi üçün böyük imkanlar yaratdığını qeyd edərək, Milli Fəaliyyət Planının bəndlərinin icrasına aidiyyəti qurumlar tərəfindən böyük səy və diqqət göstərildiyini bildirdi.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov tərəfindən korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyaya qarşı mübarizə, həmçinin etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri barədə məlumat verdi. Eyni zamanda təlimdə korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, korrupsiyaya qarşı mübarizənin davamlı olması, onun qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsinin xüsusi əhəmiyyəti, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər barədə söhbət açıldı.
İnteraktiv formada keçirilən təlimdə səsləndirilən suallar cavablandırıldı.