Binəqədi rayonunda "Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi
17 fevral 2023-cü il tarixində "Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir Binəqədi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayonun 300 saylı tam orta məktəbində keçirildi.
Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən danışdı.
Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Axundov isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkdi.
Qeyd edildi ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbiləri keçirməklə yanaşı, davamlı olaraq aparılan maarifləndirmə işi ilə gəncləri “ağ ölüm” bəlasından qorumağa çalışır.
Ötən il rayon ərazisində qanunsuz dövriyyədən 57 kiloqram 763 qram narkotik vasitə çıxarıldığını deyən Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis kapitanı Eltun İsayev də qətiyyətli mübarizənin bundan sonra da davam etdiriləcəyini vurğuladı.
Daha sonra çıxış edən DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Orxan Rzayev və İdarənin yetkinlik yaşına çatmayanlar üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdilər.
Natiqlər xüsusilə qeyd etdilər ki, narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı video-çarx nümayiş etdirildi.
https://avtosfer.az/.../bu-defe-sagirdlere-dersi-polisler...