Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

19 may 2023 | 16:44

19 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 100 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

Tədbirdə Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova,  Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva və 100 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 100 № li tam orta məktəbin direktoru Gülnarə Məmmədova  qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov  gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini vurğuladı. Ilqar Məmmədov Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini və bugünkü tədbiri də həmin görüşlərin davamı olduğunu qeyd etdi.

Növbəti çıxış edən Sevinc Süleymanova şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, insanın cəmiyyətə atılmazdan əvvəl aldığı ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin və oturub-durduğu mühitin onun sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb etmisini, məhz ailə mühiti və ailə tərbiyəsi, insanın cəmiyyətdəki sonrakı fəaliyyətində, sözün əsl mənasında, mənəvi vəsiqə xarakteri daşımasını qeyd etdi. Müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən, yaşadığımız dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışan Sevinc Süleymanova əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söylədi. Narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.
Sonda çıxış edən Lalə Əliyeva məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verdi.

Tədbirin yekununda məktəblilərə əhali arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə hazırlanan “Ad günü” adlı qısametrajlı maarifləndirici film nümayiş etdirildi.

Keçidlər