Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Qırğızıstan dostluğuna həsr olunmuş tədbir keçirildi

20 fevral 2023 | 09:39

20 fevral 2023-cü il tarixində Binəqədi rayonunda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Qırğızıstan dostluğuna həsr olunmuş tədbir keçirildi.

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 205 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev, Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, RİH başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, İdarənin müvafiq struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak etdilər.

Tədbir Azərbaycanın və Qırğızıstanın Dövlət Himnlərinin səsləndirilməsi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xoşqədəm Bağırova qonaqları salamladı və OCEP çərçivəsində məktəbdə təşkil olunan tədbirlər, tədris ocağının uğurları barədə məlumat verdi.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə OCEP layihəsinin yaranma ideyası və uğurlu fəaliyyəti haqqında danışaraq bildirdi ki, layihə Avropa Olimpiya Komitəsinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyəti, təhsili özündə birləşdirən çox önəmli idman hərəkatıdır.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxt məktəblərində uğurla həyata keçirilən layihə barədə məlumat verərərk qeyd etdi ki, OCEP olimpiya dəyərlərini təbliğ etməklə yanaşı dünya ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, qardaşlaşmış məktəblər arasında məlumat və təcrübə mübadiləsi aparmaq baxımından böyük əhəmiyyət daşıyır. M.Vəliyeva layihə çərçivəsində Azərbaycan və Qırğızıstan dostluğuna həsr olunan tədbiri milli köklərə, ortaq dəyərlərə, mədəniyyətə, dil və din eyniliyi ilə sıx bağlı olan xalqlarımızın  birliyi baxımından yüksək qiymətləndirdi. Qeyd etdi ki, bu gün gənc nəslin ortaq Türk düşüncəsinə sahib olması, bu birliyə sadiqliyi daha çox lazımdır. Çünki möhkəm, ayrılmaz Türk birliyi gəncliyin gücü ilə daha da sarsılmaz olacaq. 

Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ölkəsi barədə Bakı məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı hər iki xalqın, ümumilikdə Türk dünyasının sarsılmaz birliyinə dəyərli töhfə kimi dəyərləndirərək bildirdi ki, bu tədbir qədim tarixi köklərə malik Azərbaycanla Qırğızıstan arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha bir nümunəsidir.

Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev OCEP layihəsinə qoşulmuş məktəblərin Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də digər ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanının ölkəmizdə təbliğindəki rolundan söz açdı.

Tədbirdə şagirdlərin ifasında Qırğızıstan və Azərbaycanın milli rəqsləri və adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olundu, qardaş ölkələrin sənət incilərinə, mədəni zənginliklərinə, milli mətbəxinə həsr olunan pavilyonlara baxış keçirildi.

Keçidlər