Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğının daim nəzarətdə saxlanılması, qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar müşavirə keçirildi

23 sentyabr 2022 | 17:52

23 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğının daim nəzarətdə saxlanılması, qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı müavinlərinin, Aparatın şöbə müdirlərinin, sahə və qəsəbə inzibati dairə nümayəndəliklərinin, Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın, bələdiyyə, Gənclər və İdman İdarəsi, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi və rayonda fəaliyyət göstərən xidmət sahələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

Tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş  qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Binəqədi rayonunda da şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları diqqət mərkəzində saxlanılır, onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur və onları narahat edən problemlər dərhal həll olunur.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhid ailələrinə, qazilərə yüksək dövlət qayğısının davamlı xarakter daşıdığından və bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğundan bəhs edərək bildirdi ki, Ulu Öndər tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Azərbaycan dövlətinin vətəndaşlarına yüksək münasibəti heç bir dövlətlə müqayisə oluna bilməz və onların sosial müdafiəsinin gücləndirilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə, qazilərimizə, veteranlarımıza xüsusi diqqət və qayğı göstərilir və respublikamızda müxtəlif layihələr həyata keçirilir.

Çıxış edənlər - RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Aslan Mehdiyev və müavini Təranə Paşayeva öz çıxışlarında qeyd etdilər ki, bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı müharibə əlilləri və şəhid ailələri tərəfindən razılıqla qarşılanır. Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artır: "Bununla bağlı dövlət başçısı tərəfindən son iki il ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Cənab Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən şəhid ailələrinə, qazilərə və digər həssas qrupa aid insanlara verilən təqaüdlərin həcmi bir neçə dəfə artırılıb. Çıxış edənlər  şəhid ailələrinə, qazilərə göstərilə biləcək xidmətlərdən söz açdılar.

Müşavirə müzakirə  formasında davam etdi, sahə və qəsəbə inzibati dairə nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər haqqında məlumat verdilər. Sonda  müvafiq qurumlara  tapşırıqlar verildi.

Keçidlər