Binəqədi rayonunda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirildi
21 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirildi.
Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Vüsalə Eyvazova, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İskəndər Cahangir-zadə, FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, Polis İdarəsinin, bələdiyyələrinin, çimərlik operatorlarının, Təcili Tibbi Yardım bölmələrinin, Yerli Gigiyena və Epidemiologiya Mərkəzinin, Mənzil-Kommunal Təsərrüfat Birliyinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edirdi.
Müşavirəni giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova açaraq, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydalarının əhəmiyyətini, ərazinin təmizliyini, əhalinin maarifləndirilməsi sahəsində görülmüş işləri vurğuladı.
Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov tədbirdə çıxış edərək Binəqədi rayonu ərazisində yerləşən çimərliklərdə mövcud problemləri təhlil edib, çimmək üçün qadağan edilən yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsi və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyini bildirdi.
Tədbirdə rayon ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş edilərək onların aradan qaldırılması yolları geniş müzakirə edildi.
Müşavirədə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar verdilər.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirildi.