Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”nə həsr olunmuş rayon qadınlarının konfransı keçirildi
Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar 6 oktyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”nə həsr olunmuş rayon qadınlarının konfransı keçirildi.
Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, idarə və təşkilatların qadın əməkdaşları iştirak etdilər.
İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova konfransı açıq elan edərək bildirdi ki, ölkəmizdə qadın siyasətinin təməl prinsiplərinin müəyyən olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində dövlət qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirmişdir. Ulu Öndərin əsasını qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən natiq vurğuladı ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkədə qadınlarla bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edir, qadın və uşaqların təhsil, səhiyyə problemlərinin həllində xüsusi fəaliyyət proqramları həyata keçirir.
Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması, məişət zorakılığının qarşısının alınması, məşğulluq məsələləri ilə bağlı bir sıra layihələrin həyata keçirildiyini deyən Sevinc Süleymanova ictimai-siyasi sahədə qadınların rolunun getdikcə artdığını, qəbul olunan dövlət proqramlarının qadınların fəaliyyətinin stimullaşdırılmasına xidmət etdiyini bildirdi.
Daha sonra konfrans mövzu ətrafında müzakirələrlə davam etdirildi.