Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" adlı tədbir keçirildi

18 may 2023 | 15:30

18 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" adlı tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin YAP Binəqədi rayon təşkilatının binası önündə ucaldılan abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tədbiri giriş sözü ilə açaraq vurğuladı ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri əvəzolunmazdır. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat verərək bildirdi ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqına və dövlətinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında vurğuladı ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır.

Millət vəkili Azay Quliyev çıxış edərək bildirdi ki, 1969-cu ildən başlayaraq Azərbaycanda siyasi hakimiyyətdə olan ulu öndər Heydər Əliyev siyasi rəhbərliyi dövründə Azərbaycanın maraqlarını daim müdafiə edib, bütün dünyada nüfuzlu, uzaqgörən dövlət xadimi kimi şöhrət qazanıb. Bu gün də ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və ölkəmizi dinamik nailiyyətlərə aparır.

Millət vəkili Kamaləddin Qafarov çıxışında ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğuladı. Respublikamızın hərtərəfli tərəqqisində qazanılan misilsiz nailiyyətlər, ölkəmizin yüksək iqtisadi inkişaf tempi məhz ulu öndər Heydər Əliyev əməyinin nəticəsidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Binəqədi rayonu Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov qeyd etdi ki, hər birimiz bugünkü firavan həyatımız və xoş gələcəyimiz üçün əbədiyaşar Ulu Öndərə borcluyuq. Ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasi xadim Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tədbirdə yekun nitq söyləyərək vurğuladı ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb.

Tədbir bədii hissə ilə davam etdirilib. YAP Binəqədi rayon təşkilatının ictimai həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif olundu, yeni üzvlərə üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər