Binəqədi rayonunda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı görüş keçirildi
Binəqədi Rayon Polis İdarəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 276 saylı tam orta məktəbdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı görüş keçirildi.
Tədbirdə RİH başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Sevinc Süleymanova, Rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Axundov, rayon ərazisindəki məktəblərin rəhbərləri və digər aidiyyəti şəxslər iştirak etdilər.
Tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Rəis müavini Vüsal Axundov yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində müvafiq qurumlarla, təşkilatlarla əlaqələrin sıx şəkildə qurulmasının, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasının, onların intelektual səviyyələrinin yüksəldilməsinin, zərərli vərdişlərdən yayındırılmasının, dərsə davamiyyət və digər məsələlərin diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayaraq, rayon ərazisində uşaqların qanunsuz əməyə cəlb edilməsi, sosial təhlükəli vəziyyətdə olanların sığınacaqlara yerləşdirilməsi, problemli uşaqların qorunması istiqamətində polislə qarşılıqlı əlaqələrin daha səmərəli qurulmasının vacibliyindən söhbət açdı.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova təhsilalanların, pedaqoji, eləcə də texniki heyətin təhlükəsizliyinin təmini məsələsinə toxunaraq çətin tərbiyə olunan uşaqların nizam-intizama gətirilməsində polislə birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkərək qeyd etdi ki, mütəmadi olaraq tədris prosesindən yayınan, davamiyyəti aşağı olan, mənfi davranışları ilə digər şagirdlərə neqativ təsir göstərən, ələlxüsus problemləri olan şagirdlər barədə məktəbin pedaqoji heyəti tərəfindən ölçü götürülməli, onlarla məktəb psixoloqları danışıqlar aparmalı və bu haqqda dərhal Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komisiyaya və polis əməkdaşlarına məlumat verməlidirlər.
Çıxışında S.Süleymanova qızların təhsildən yayınma hallarının qarşısının alınmasında da bu cür maarifləndirici tədbirlərinin əhəmiyyətini və əlaqəli qurumların əməkdaşlığının vacibliyini vurğulayıb.
Növbəti hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev il ərzində komissiyaya daxil olan müraciətlər və müraciətlərin həlli istiqamətində görülən işlər haqqında məlumat verdi.
Tədbir məktəb rəhbərlərini narahat edən problemlərin polis əməkdaşları tərəfindən cavablandırılması ilə davam etdi.