Binəqədi rayonunda xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirildi
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şəhid Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbdə xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, məktəbin direktoru, müəllim və şagirdlər iştirak etdilər.
Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda Sarıyeva qonaqları salamlayaraq məktəbin tarixi və uğurları haqqında məlumat verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə ədəbi ictimaiyyətin xüsusi marağına səbəb olan, özünəməxsus yaradıcılıq yolu keçən görkəmli ədib Ənvər Məmmədxanlının qürurla andığımız şəxslərdən biri olduğunu diqqətə çatdırdı.
M.Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərən Azərbaycan ədəbiyyatının tanınmış simalarının keçdikləri ömür yolu barədə şagirdlərin məlumatlandırılması məqsədilə məktəblərdə təşkil edilən bu cür tədbirlərin zəruri olduğunu vurğulayıb. İdarə müdiri bu gün gələcəyimiz olan nəslin tərbiyəsində Ənvər Məmmədxanlı kimi yazıçıların əsərlərinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib və milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağın vacibliyinə toxundu. İdarə müdiri “Nəsrimizin şairi” adlandırılan görkəmli sənətkar, qüdrətli qələm ustasının xatirəsinin həmişə qəlbimizdə yaşayacağını qeyd etdi.
Millət vəkili Qənirə Paşayeva xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının bütün həyatı boyu vətən üçün hər cür fədakarlığa hazır olduğunu bildirdi. Yazıçının “Həyatım ağrıyır” ifadəsini xatırladan Q.Paşayeva şagirdlərin vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə olunmasında Ənvər Məmmədxanlı kimi yazıçıların rolunun böyük olduğunu deyib.
Tarixin ən qüdrətli dövlət və siyasət adamları, dahi şəxsiyyətləri sırasında layiqli yer tutan Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin dövlətimizin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğunu söyləyən millət vəkili “Heydər Əliyev İli” çərçivəsində təhsil müəssisələrində yubileyi olan şəxsiyyətlər barədə tədbirlərin davamlı keçirilməsinin təqdirəlayiq olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdılar. Çıxış edənlər ədəbiyyat tariximizdə xüsusi yeri olan, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyada iz qoyan Ənvər Məmmədxanlının həyat yolu barədə geniş məlumat verdilər.
Tədbirdə müəllim və şagirdlərin iştirakı ilə “Babək” romanı səhnələşdirildi. Həmçinin ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi, şeirlər, mahnılar səsləndirildi.
Sonda millət vəkili Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edildi. Eyni zamanda “Unity company” şirkəti tərəfindən 1 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlandı.