Binəqədi rayonunda “Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” adlı tədbir həyata keçirildi
23 fevral 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” adlı tədbir həyata keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova və kollecin kollektivi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova, Ümumi tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova və Xocalı sakini Valeh Hüseynov və gənclər iştirak etdilər.
Tədbirdən öncə Bakı Humanitar Kollecin tələbələrinin Xocalı faciəsini əks etdirən əl işlərindən ibarət sərgisinə baxış keçirildi.
Tədbir ümummilli lider Heydər Əliyevin, Xocalı qurbanlarının və Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsindən sonra Xocalı faciəsinə həsr edilmiş videoçarxın nümayişi ilə açıq elan edildi.
Tədbirdə RİH başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova və Xocalı sakini Valeh Hüseynov çıxış etdilər.
Xocalı faciəsi barədə iştirakçılara məlumat verilərək qeyd edilmişdir ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırım, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.
31 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum edildiyi və dəhşətli terror aktı törətdiyi qeyd edilərək cəmi 5 saat ərzində qədim Xocalının yer üzündən silindiyi, əhalisinin dəhşətli soyqırımına məruz qaldığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, həmin qanlı gecədə Xocalının yatmış sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 487 nəfər ömürlük şikəst olmuş, 6 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 135 uşaq valideynlərindən birini itirmişdir.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmiz informasiya blokadasından çıxdı, Azərbaycan həqiqətləri, o cümlədən Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırıldı. Erməni qəsbkarlarının xüsusi qəddarlıqla insanlığa sığmayan vəhşiliklər törətməsinə baxmayaraq, xalqımız bu dəhşətlərə dözərək, yenidən dirçələ bildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Bildirildi ki, ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti, yurd nisgili ilə ürəyi göynəsə də səbirlə qisas gününü gözlədi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi.
Qəhrəman Azərbaycan əsgər və zabitləri qaniçən erməni quldurlarının uzun illər ərzində qurduğu müdafiə sistemlərini məharətlə yarıb keçdilər, torpaqlarımızı qanları və canları bahasına azad etdilər. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə ilə xalqımızın yurd həsrətinə son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı faciəsi qurbanları və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün qəhrəman övladlarımızın qisası döyüş meydanında alındı.
Vurğulandı ki, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin və qəhrəman oğullarımızın sayəsində düşmənin işğalına son qoymaqla, Azərbaycan xalqı bütün dünyada qalib xalq kimi tanınır, yaşayır və yaşayacaqdır.
Tədbirin sonunda ADMİU nəzdində Humanitar Kollecin tələbələri Xocalı faciəsinin 31-ci ildönümünə həsr etdikləri kompozisiya ilə çıxış etdilər.