Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 oktyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə təntənəli tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları Madər Musayev, Kamaləddin Qafarov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov, şəhid ailələri, qazilər, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri, media nümayəndələri iştirak etdilər.
Tədbirdən öncə Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleks və ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olundu, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edildi.
Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün qonaqları salamladı, partiyanın yaradılmasının ildönümü münasibətilə təbrik etdi. Yeni Azərbaycan Partiyasının 30 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının təsis konfransını xatırlayaraq, həmin konfransda iştirak etməsinin həyatında ən unudulmaz xatirələrdən biri olduğunu söylədi. Bizi qarşıda yeni vəziflərin və hədəflərin gözlədiyini bildirərək əminliyini ifadə etdi ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi və ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında vurğuldı ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik inkişaf tarixi göstərdi ki, bu partiyanın təməl daşını qoyanlar dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır.
Vətən müharibəsi qazisi Ruslan Şıxıyev çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 30 illik uğurlu siyasi fəaliyyətinin qələbəsini təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. O, daha sonra döyüş xatirələrindən bəhs edərək Ali Baş Komandan İlham Əliyevin əmri olarsa, Vətənimizin müdafiəsində bundan sonra da döyüşməyə hazır olduğunu qeyd etdi.
YAP İdarə Heyətinin üzvü Elmar Qasımov nitqində bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını, cənab prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, Avropada və dünya birliyində söz sahibinə çevrilib. Elmar Qasımov çıxışının sonunda Yeni Azərbaycan Partiyasının bütün üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzu etdi.
Yekunda nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik etdi. Qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi. Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.