Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə “Tarixi Qələbə və Zəfərlər Partiyası” adlı tədbir keçirildi
20 noyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə “Tarixi Qələbə və Zəfərlər Partiyası” adlı tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin Təbii ehtiyatlar, Energetika və ekologiya komitəsinin sədri millət vəkili Sadiq Qurbanov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü millət vəkili Kamaləddin Qafarov, Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, Rayon İcra hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdür müavini, professor Hüseyn Əsgərov, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasında yerləşən abidəsi ziyarət olundu, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edildi.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Humanitar Kollecin tələbələrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bütün qonaqları salamladıqdan sonra partiyanın yaradılmasının növbəti ildönümü münasibətilə hərkəsi təbrik edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 31 illik uğurlu siyasi fəaliyyətin qələbəsini qalib dövlətin qalib vətəndaşları olaraq təntənə ilə qeyd edirik. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Əsası Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcəkdir.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 31 illik inkişaf tarixi göstərdi ki, bu partiyanın təməl daşını qoyanlar dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını, cənab prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, Avropada və dünya birliyində söz sahibinə çevrilib.
Yekunda nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik etdi. Yeni Azərbaycan Partiyasının 31 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının təsis konfransını xatırlayaraq, həmin konfransda iştirak etməsinin həyatında ən unudulmaz xatirələrdən biri olduğunu söylədi. Bizi qarşıda yeni vəziflərin və hədəflərin gözlədiyini bildirərək əminliyini ifadə etdi ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi və ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.
Qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Tədbirin rəsmi hissəsi bitdikdən Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.Tədbir bədii hissəylə davam etdirildi.