Binəqədi rayonunda yerləşən N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olundu.
23 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
N saylı hərbi hissənin komandirin tərbiyəvi işlər üzrə müavini kapitan Anar Rəhimli qonaqları və şəxsi heyəti salamlayaraq Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, əsgər və zabitlər üçün yaradılan şəraitdən söhbət açdı və bildirdi ki, ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünü qorumaq işini öz üzərinə götürən və vəzifələrinin öhdəsindən olduqca yüksək səviyyədə, şərəflə gələn Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər zaman Vətənin keşiyində möhkəm dayanır.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu, bu uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdiyini vurğuladı.
Daha sonra Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov çıxış edərək, bayram münasibətilə zabit və əsgər heyyətini təbrik edərək son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlardan söhbət açaraq bildirdi ki, ordumuz hər birimizin iftixarı, xalqımızın qürur mənbəyidir.
Tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evinin "Pöhrə" rəqs qrupunun, "Yanardağ" ritm qrupunun, müğənnilərin ifasında səslənən vətənpərvərlik ruhunda mahnılar ilə davam etdi.