Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirildi

04 noyabr 2022 | 16:35

04 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr- "Zəfər Günü"nə həsr olunmuş “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirildi.

Tədbir başlamazdan öncə zəfər tariximizdən bəhs edən filmə baxış keçirildi. Ardınca, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canına fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü və zəfər qazandı. Bununla da tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə qürurvericidir. Bu gün qələbəmizin ildönümünü şəhidlərimizin xatirəsinə dərin ehtiram, ordumuza minnətdarlıq hissləri ilə qeyd edirik.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Nicat Həsənov çıxış edərək qeyd etdi ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi  qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Vətən müharibəsi qazisi Rəhman Qəhrəmanov döyüş xatirələrindən, əsgər və zabitlərimizin qəhərmanlığından danışaraq vurğuladı ki, biz 30 il ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq. Arzularımız artıq reallığa çevrilib, 44 günlük Vətən müharibəsində böyük qələbənin sevincini yaşadıq.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və qalib gəlməsindən bəhs etdi. Şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir, qazilərə isə can sağlığı arzuladı.

Tədbirdə, eyni zamanda Vətən müharibəsi zamanı mətinlik və mərdlik göstərərək xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, həmçinin Azərbaycan Respublikasının baş naziri tərəfindən müxtəlif medallarla təltif olunmuş keçmiş hərbi qulluqçulara medalları təqdim edildi.

Həmçinin Vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə və 8 Noyabr- "Zəfər Günü" münasibətilə bir qrup şəxs təltif edildi.

Keçidlər