Binəqədi rayonundan 2023-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış yeniyetmə və gənclərin yolasalma mərasimi təşkil olundu
“Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü ilin iyulun 1-dən 30-dək müddətli həqiqi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 mayın 2023-cü il tarixli Sərəncamına əsasən, Biləcəri qəsəbəsində yerləşən Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsində Rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 2023-cü il tarixli 113 saylı Sərəncamlarına uyğun olaraq rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirildi.
Yolasalma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon idarəsinin rəisi Nicat Həsənov, xidmətin digər məsul şəxsləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Müharibə veteranları, hərbi xidmətə yola salınan gənclər, onların valideynləri və məktəblilər iştirak etdilər.
Çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi Nicat Həsənov çıxışında qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin keyfiyyətlə komplektləşdirilməsi üçün Xidmət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində strateji hədəfləri həyata keçirməkdədir. “Biz bu gün xidmətə yola düşən gənclərimizə, ümumiyyətlə, əsgərlərimizə uğurlar arzulayır və qalib Ordunun əsgəri kimi onlara şərəfli xidmət diləyirik. Eyni zamanda, valideynlər buraya toplaşıblar. Mən həm də onlara gözaydınlığı verirəm ki, onlar bu gündən əsgər valideynləridir”-deyə vurğuladı.
Hərbi xidmətə yola salınan çağırışçılar: “Dövlət Sərhəd Xidmətinə xidmətə təyin olunmuşam. Sərhədlərimizi biz çağırışçılara əmanət edə bilərsiniz. Vətənimizə olan borcumuzu yerinə yetirəcəyimiz üçün çox sevincli və qürurluyuq. İnşallah, bütün çağırışçılar sağ-salamat Vətənə öz borclarını yerinə yetirərlər".
Digər çağırışçı isə bildirib: “Torpaqlarımızı fəxrlə qorumaq üçün gedirik. Əsgər dostlarıma ən böyük arzum ailələrinin yanına sağ-salamat qayıtmalarıdır”.
Xidmətə gedən çağırışçılar qədər onların valideynləri də qürurludur. Onlardan biri sevinc hisslərini bölüşərək: “Bir valideyn kimi bütün gənclərimizə uğurlar, gözəl xidmət arzulayıram. Elə xidmət eləsinlər ki, valideynlərini sevindirsinlər. Bu gün oğlumu əsgər yola salıram. Onu vətənpərvər ruhda böyütmüşəm. İnşallah, Vətənin qulluğunda layiqincə dayanar. Allah bütün əsgərlərimizi sağ-salamat evlərinə qayıtmağı nəsib etsin”.
Natiqlər çıxışlarında qeyd etdilər ki, vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevməklə ölçülmür. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğurunda pay sahibi olmaq deməkdir. Əsgərlərə nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə etblər. Dövlətçiliyin mühüm atributu olan milli ordu quruculuğunu Ali Baş Komandan İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin ən mühüm tərəflərindən biri olduğu əsgərlərlə görüşdə onların diqqətinə çatdırılaraq, hər bir Azərbaycan gəncinin, müstəqil dövlətimizin qüdrətli ordusunda xidmət etməklə fəxarət hissi duymalı olduğu vurğulanaraq şərəfli və müqəddəs missiyanı daim alnıaçıq, üzüağ yerinə yetirməkdə onlara müvəffəqiyyətlər arzuladılar.