Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 142-ci mövsümünün açılış mərasimi oldu

02 noyabr 2023 | 08:51

“Aktyorlar evi”nin səhnəsində Teatr Xadimləri İttifaqının “Qonaq teatrlar” layihəsi çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 142-ci mövsümünün açılış mərasimi oldu.

Yeni mövsümün açılış mərasimində “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstəyin verilməsinə dair Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin qrant müsabiqəsinin qalibi “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Qərbi Azərbaycanın mədəni irsi” layihəsi əsasında çap olunmuş “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” adlı elmi-tarixi, publisistik monoqrafiyanın təqdimatı keçirildi. Kitabın müəllifi Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyevdir.

Kitab Azərbaycan teatr sənətinin inkişafına əvəzsiz töhfələr verən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixinə, təşəkkül və inkişaf mərhələlərinə həsr olunub.

Monoqrafiyanın əsas məqsədi Azərbaycan teatr sənətinin geniş coğrafiyasında İrəvan Azərbaycan Teatrının tutduğu yeri müəyyənləşdirmək, onun tarixi keçmişinin həqiqətlərini, çağdaş dövr fəaliyyətinin özünəməxsus cəhətlərini aydınlaşdırmaqdan ibarətdir. İrəvan Azərbaycan Dram Teatrının tarixinin bütün mərhələlərinin, yəni həm İrəvan dövrünün, həm də deportasiyadan sonra Bakı şəhərində məskunlaşdığı illərdə fəaliyyətinin sənətşünaslıq tariximizdə ilk dəfə təcəssüm etdirildiyi əsərdə İrəvan Teatrının bütün fəaliyyəti boyu yaradıcılığına qəsd etməyə çalışanlara öz sənətkarlıq qüdrəti və polad iradəsi, cəfakeşliyi, əzmkarlığı, dəyanəti, incə, ülvi hiss və duyğuları ilə daim mübarizlik nümayiş etdirdiyi, öz varlığı ilə bu gün də həmin ənənələri yaşatmaqla “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın gücləndirilməsi istiqamətində aparılacaq müqəddəs işlərin yerinə yetirilməsində üzərinə düşən missiyanı daşımaqdan geridə qalmadığı tarixi mənbələr əsasında, yüksək vətənpərvərlik hissi ilə maraqlı və yaddaqalan lövhələrlə əks etdirilir.

Təqdimat mərasimində İrəvan Teatrının istedadlı aktyorlarının ifasında şair-dramaturq İftixarın “Nurlu ömrün anları” tamaşası da nümayiş etdirildi.

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində nümayiş etdirilən tamaşa müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, müasir Azərbaycanın ən parlaq səhifələrini yaradan görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunub.

Səhnə əsərində müstəqilliyini əldə etmiş Azərbaycanın inkişaf prosesi, bu prosesdə Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və Azərbaycan xalqının birliyini, Qarabağ uğrunda yumruq kimi birləşərək mübarizəyə səsləyən hayqırtısını tərənnüm edən səhnələr və Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarətli hünəri ilə zirvəyə yüksələn qələbə ruhumuzun rəmzini canlandıran Zəfər marşının sədaları altında bütün Azərbaycanın yürüş təntənəsi öz əksini tapır.

Keçidlər