Cənnətdəki Doğum Günün Mübarək! Bu gün vətənimizin qəhrəman oğullarından biri şəhid gizir İbrahim Sadıqlının dünyaya göz açdığı gündür.
Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canını qurban verənlər heç vaxt unudulmur, onlar ən yüksək Zirvəyə-Şəhidlik zirvəsinə ucalırlar. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
28 iyun 1993-cü il vətənimizin qəhrəman oğullarından biri şəhid gizir İbrahim Sadıqlının dünyaya göz açdığı gündür. Şəhidimizin xatirəsinin yad olunması məqsədilə məzarı ziyarət olundu. Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fizuli Mehrabzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak etdilər.
Sadıqlı İbrahim Şahin oğlu 1993-cu ilin 28 iyununda Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib. 292 saylı tam orta məktəbdə (indiki 5 nömrəli məktəb) oxuduğu vaxtlarda idmanın müxtəlif növləri ilə məşğul olmuş, yüksək nailiyyətlər əldə edərək bayrağımızı ucalarda dalğalandırmışdır. 2008-ci ildən təhsilini 6 saylı peşə liseyində davam etdirib və 2011-ci ildə məzun olub. 2012-ci ildə hərbi xidmətə yollanıb, hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif peşələrdə özünü sınayıb, amma hərbiyə olan sevgisi, istəyi 2016-cı ilin yanvar ayında onu yenidən ordu sıralarında xidmətə davam etməyinə səbəb olub. Hələ uşaq yaşlarında hərbçi olmaq, Vətənin keşiyində durmaq arzusunda olan İbrahim Sadıqlı arzularını reallaşdırmaq istəyi ilə 2016-cı ilin yanvar ayından Azarbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində gizir rütbəsində snayperçi kimi xidmətə başlamışdı. Xidməti dövründə hərbin sirlərini dərindən mənimsəmiş, komandirlərinin tapşırıq və göstərişlərini yüksək səviyyədə yerinə yetirməklə fərqlənmişdir. Məhz bu kimi lazımlı xidməti fəaliyyətinə görə, komandirləri tərəfindən dəfələrlə Fəxri fərmanlarla təltif edilmişdi. Azərbaycan Resublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdu. 2018-ci ildə Çin Xalq Respublikasında keçirilən beynəlxalq snayper kursunda XTQ-dən İbrahim Sadıqlı iştirak etmiş, yüksək peşəkarlığına, hədəflərin sərrast atəşlə vurmasına görə fərqlənərək, 1-ci yeri tutmuş və üçrəngli bayrağımızın 50 ölkə arasında ən yüksəklərə qaldırılmasına nail olmuş, döş nişanı və medalla təltif edilmişdi. Snayperçi olaraq "A" kateqoriyası üzrə bu kursu keçə bilən tək və yeganə XTQ mənsubu idi. 2020-ci ilin sentyabr ayında müharibənin ilk günlərindən sevə-sevə düşmənin üzərinə gedir, Murovdağ, Kəlbəcər, Ağdərə, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin 60-a yaxın zabit əsgərini məhv etməyi bacarır, döyüş yoldaşları İbrahimin açıq döyüşə girdiyini, neçə-neçə düşməni məhv edərkən “bu Xocalının intiqamı, bu Şəhidlərimizin intiqamı üçün, bu bizdən öncə əziyyət verdiyiniz insanların intiqamı üçün” - deyib düşmənin xeyli qüvvəsini sıradan çıxarıb. Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə öz şəxsi bacarığı sayəsində İbrahim əməliyyat şəraitini video görüntüyə alan insanı tutur və təhvil verməyi bacarır. Hansı ki, o istiqamətdə başlamalı olan böyük əməliyyatın pozulmasına imkan vermir, döyüşlər zamanı biri zabit olmaqla iki döyüş yoldaşını meydandan çıxarır, sonradan qəlpə yarasına tuş gələrək oktyabrın 3-də səhər saatlarında şəhadətə yüksəlir. II Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir İbrahim Şahin oğlu Sadıqlı "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!