Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün şəhid Anar Kərəm oğlu Məmmədov doğum günüdür.
08 iyul 2022 | 18:53
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” - bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu Zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Elin belə qəhrəman oğullarından biri də Anar Məmmədovdur. Bu gün onun doğum günüdür!
Şəhidin doğum günündə xatirəsinin yad olunması məqsədilə məzarı ziyarət olundu məzarı üzərinə gül dəstələri qoyuldu. Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və fəal gənclər iştirak etdilər.
Anar Kərəm oğlu Məmmədov 06.07.1984-cü il Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açmışdı. Binəqədi rayonu 115 saylı tam orta məktəbin məzunu olmuş, elə
həmin il Azərbaycan Tibb Universitetinin ‘Pediatriya’ fakültəsinə daxil olmuşdu. 2006-cı ildə öz istəyi ilə ixtisasını hərbi tibb kafedrasına yönləndirmişdi. 2008-ci ildə Şəmkir rayonunda ‘leytenant’ rütbəsi ilə ixtisasını davam etdirmişdi. 2009-cu ildən 2013-cü ilədək Füzuli rayonunda “N” saylı hərbi hissədə xidmət etmiş, daha sonra Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə, ordan da sülhməramlılarla birgə 6 ay Əfqanıstanda xidmət etmişdi. Oradan döndükdən sonra Ağcabədi, Beyləqan, Qusar rayonlarında yerləşən müxtəlif hərbi hissələrdə xidmət etmiş, 2018-ci ilin dekabr ayında Bakıda tibb xidməti kapitanı rütbəsi ilə xidmətini davam etdirmişdi. Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti kapitanı olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbiçiləri döyüş meydanından çıxarıb. Anar Kərəm oğlu Məmmədov 02.11.2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmışdır. 2020-cı il noyabr ayının 4-də II Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid kapitan Anar Kərəm oğlu Məmmədov ‘Vətən uğrunda’, ‘İgidliyə görə’, ‘Cəbrayılın azad olunmasına görə’, ‘Füzulinin azad olunmasına görə’, ‘Xocavəndin azad olunmasına görə’ medalları ilə təltif olunmuşdur.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Təltifləri: