Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün şəhid Rəşad Rövşən oğlu Ağayevin doğum günüdür.
Şəhidlik - insanın Vətənə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Vətən, şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir! Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Rəşad Ağayev idi. Bu gün onun doğum günüdür!
Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Rəşad Rövşən oğlu Ağayev 02 iyul 2000-ci ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur.
Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə orta təhsilini başa vurmduqdan sonra 2016-cı ildə 7 saylı Bakı Peşə Liseyinə, 2018-ci ildə isə “STEP” Akademiyasının “Programist-dizayner” ixtisasına qəbul olmuş, 2019-cu ildə həmin Akademiyanı bitirmişdir.
Uşaqlıq illərindən hərbiyə marağı başlamış, bundan başqa, onun rəsmə, musiqiyə, şahmata və komputer oyunlarına marağı var idi.
04 iyul 2019-cu ildə Mingəçevir şəhərinin “N” saylı hərbi hissəsinin XTQ-nin kəşfiyyat bölümündə hərbi xidmətə yollanmışdır.
2020-ci il iyul döyüşlərində də iştirak etmişdir. Tapqaraqoyunluda, Talış yüksəkliyində, Təkər postu və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə və Suqovuşana ilk Azərbaycan bayrağının sancılmasında fəal iştirak etmişdir. Gərgin gedən döyüşlərin birində yaralanmasına baxmayaraq, yenidən döyüşlərə qoşulmuş və ön cəbhədə vuruşmuşdur. Sonuncu dəfə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuş və Şəhidlik Zirvəsinə ucalmışdır.
Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Rəşad Ağayev "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidimiz doğum günü xatirəsinin yad olunması məqsədilə məzarı ziyarət olundu. Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin böyük məsləhətçisi Fizuli Mehrabzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Osman Qasımov və fəal gənclər iştirak etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
TƏLTİFLƏRİ: