Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün Vətən Müharibəsi şəhidi Cavid Bayramovun doğum günüdür.

29 iyun 2022 | 16:27

Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Nədir Şəhidlik? Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Cavid Bayramov idi. Bu gün onun doğum günüdür! Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Vətənimizin qəhrəman oğullarından biri şəhid gizir Bayramov Cavid Azər oğlunun əziz xatirəsinin yad olunması məqsədilə rayon ictimaiyyətinin iştirakı ilə şəhidin məzarı ziyarət olundu. Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Füzuli Mehrabzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova, nümayəndəlik və bələdiyyə rəhbərləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak etdilər.

Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Vətənimizin hər bir qarışı igidlərimizin, şəhidlərimizin qanı ilə yoğrulub. Ona görə torpağımız, vətənimiz bizim üçün müqəddəsdir, əzizdir. Bayramov Cavid Azər oğlu 29 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmuşdu. Cavid orta təhsilini Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbində almış və ali təhsilini 2018-ci ildə Azərbaycan Texniki Universitetinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirmişdi. 27 Sentyabr 2020-ci ildə başlayan ll Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanmışdı. Atası Bayramov Azər də Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Canından vətənə can verən, qanı ilə vətən torpağını suvaran cəsur Cavidimiz vətənini qorumaq üçün könüllü olaraq cəbhəyə yollanmış, 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonunda qəhrəmancasına ən uca Zirvə-Şəhidlik zirvəsinə ucalmışdır. Binəqədi qəsəbəsi ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir. Şəhidlərimiz başımızın tacıdır. Biz onlarla fəxr edirik!

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir Cavid Bayramov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər