Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün Vətən Müharibəsi şəhidi Məmmədov Vüsal Aftandil oğlunun doğum günüdür.

02 iyun 2022 | 19:08
Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Vüsal Məmmədovdur. Bu gün onun doğum günüdür!
 
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
 
Məmmədov Vüsal Aftandil oğlu 1997-ci il iyun ayının 2-si Bakı şəhərində anadan olmuşdur. Vüsalın 2 yaşı olarkən atası Məmmədov Aftandil dünyasını dəyişmişdir. Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, daha sonra o, 8-ci sinifdən təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirmişdir. 2014-cü ildə elə həmin məktəbin məzunu olmuş və Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olmuşdur. Lakin, 2019-cu il aprelin 1-də təhsilini donduraraq həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində xidmətə başlamışdır.
 
2020-ci il Oktyabrın 1-də xidmətdən tərxis olmalı idi. 27 sentyabr tarixində başlayan müharibə zamanı, qeyrətli vətən oğulları kimi Vüsal da müharibədə iştirak etmiş və igidliklə döyüşmüşdür. 26 sentyabrda anasına sevinclə zəng edərək “Döyüşə gedirəm ana, halallığını ver. Vətən bizi gözləyir”, demişdi. Vüsal həm də aprel şəhidi - Emin Bağırovun yaxın dostu idi. Eminin şəhid olması ona ciddi təsir etmiş, bu hadisədən çox mütəəssir olmuşdur. Anasına və dostlarına həmişə deyirdi ki, dostum Eminin və bütün şəhidlərimizin qisasını alacağam. İlk olaraq Suqovuşan uğrunda gedən ağır döyüşlərdə iştirak edir. Döyüşdən sonra anasına zəng vuraraq demişdir: “Ana, Eminin qardaşına de Eminin qisasını aldım!”
 
Suqovuşan uğrunda gedən döyüşlərdə yaralansa da müalicə almaqdan imtina edir və yenidən döyüşlərə qayıdır. Suqovuşanı döyüş yoldaşları ilə birlikdə azad etdikdən sonra Ağdərə uğrunda gedən döyüşlərə qoşulur. Elə bu döyüşlərin birində- oktyabrın 12-də Füzuli döyüşləri zamanı ən uca Zirvəyə- Şəhidlik zirvəsinə ucalır. Sonuncu dəfə anası ilə 6 oktyabr tarixində danışmışdır. O tarixdən sonra Vüsalla bir daha əlaqə qurmaq mümkün olmamışdır. Şəhidimizin nəşi , uzun müddət sonra noyabr ayının 28-də döyüş meydanından götürülərək noyabrın 29-da Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.
 
Şəhid Vüsal Məmmədovun doğum günü ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazisi üzrə nümayəndəsi Qadir Məmmədov və şəhid Vüsal Məmmədovun ailə üzvləri ilə birgə şəhidin məzarı ziyarət olundu, üzərinə gül dəstələri qoyuldu.
 
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər