Şriftin ölçüsü :

Saytın rəngi :

C.Naxçıvanski adına hərbi liseydə “Şahin” hərbi-idman oyunu üzrə Bakı şəhər zona birinciliyi keçirildi

16 may 2026 | 07:57

14 may 2026-cı il tarixində Cəmşid Naxçıvanski adına hərbi liseydə “Şahin” hərbi-idman oyunu üzrə Bakı şəhər zona birinciliyi keçirildi.

Birinciliyin açılış mərasimində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik sektorunun müdiri vəzifəsini icra edən Coşqun Hidayətov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov çıxış edərək “Şahin” hərbi-idman oyununun gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması, hərbi-fiziki hazırlığının artırılması və ilkin hərbi biliklərə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladılar.

Yarışda ümumilikdə 12 komanda iştirak etmiş və iştirakçılar sıra hazırlığı, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması, fiziki hazırlıq, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, həmçinin tüfəngdən hədəfə atəş açılması daxil olmaqla 9 mərhələ üzrə öz bacarıqlarını nümayiş etdirdilər.

Yekun nəticələrə əsasən Binəqədi rayon komandası I yerə, Nizami rayon komandası II yerə, Səbail rayon komandası isə III yerə layiq görüldü.

Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom, medal və xatirə hədiyyələri ilə təltif olundular.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu üzrə Bakı şəhər zona birinciliyinin qalibləri olan Binəqədi və Nizami rayon komandaları cari ilin iyun ayında keçiriləcək respublika final mərhələsində iştirak hüququ qazanıblar.

Keçidlər