Əmək və Sosial Münasibətlər Akademiyasında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu günün hər il kütləvi humanitar tədbir kimi qeyd edildiyini, əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanları qarşısında əsas vəzifə kimi dayandığını bildirdi. O, mülki müdafiə sahəsində görülən işlərin vacibliyini qeyd edib, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğuladı.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, AƏSMA-da mülki müdafiə fənnini tədris edən Yunis Ələkbərov, Mülki Müdafiə Qoşunlarının Radiasiya-kimya laboratoriyasının Radiometriya bölməsinin rəisi Tural Şahbazov, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin böyük həkimi Salman Əliyev Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar çıxış etdilər.