FHN Mülki müdafiə qoşunlarının komandanlığında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Heydər Əliyev İrsini Öyrənirik" mövzusuna həsr olunmuş tədbir keçirildi
5 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında "Heydər Əliyevin dövlətçilik nəzəriyyəsi və islahatları müstəqil Azərbaycan Respublikasının müasir dövlət quruculuğu sistemində yeri və rolu" mövzusuna həsr olunmuş tədbir keçirildi.
Tədbirdə FHN-nin Layihələrin İdarə Edilməsi və Təhsil Məsələləri üzrə İdarəsinin rəisi Azadi Quliyev, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sabiq korpus komandiri, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix Institutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, elmlər doktoru Cəbi Bəhramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarix muzeyinin Vətən Müharibəsi Fondunun müdiri, Tarix Institutunun doktorantı, tarixçi alim - Şəfa Mövsümov, FHN-in Mülki müdafiə qoşunlarının rəhbərliyi və şəxsi heyəti iştirak etdilər.
İlk öncə Mülki müdafiə qoşunlarının komandanlığında ulu öndər Heydər Əliyevin büstü ziyarət edildi, gül dəstələri düzüldü, abidənin önündə xatirə şəkli çəkdirildi.
Hərbi qulluqçular və dəvət olunmuş qonaqlar Heydər Əliyev Muzeyində Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiyası ilə tanış oldu.
Mülki müdafiə qoşunlarının komandanlığında akt zalında keçirilən tədbir Mülki müdafiə qoşunlarının Nümunəvi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Tədbirdə çıxış edən natiqlər bildirdi ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti milli mənafelər üzərində qurularaq Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi ilə nəticələndi. Dahi rəhbər hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin inkişafını xüsusi diqqətdə saxlayaraq cəmiyyətin bütün sahələrində yüksək ixtisaslı kadrların yetişdirilməsinə nail oldu. Qeyd olundu ki, Ümummilli liderin milli kadr hazırlığı sahəsində apardığı müdrik siyasətin mühüm istiqamətlərindən biri də milli hərbçi kadrların yetişdirilməsi idi. Məhz onun təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması Azərbaycanda ordu quruculuğunda mühüm rol oynadı. Məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində yalnız C.Naxçıvanski adına məktəbin məzunlarından deyil, digər ümumtəhsil məktəblərinin məzunları arasından da keçmiş SSRİ-nin ali hərbi təhsil müəssisələrinə gənclər göndərilirdi. Ümumumilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra da milli zabitlərin hazırlanması üçün hərbi təhsil sahəsində dərin və genişmiqyaslı islahatlar keçirərək peşəkar kadrların yetişdirilməsinə nail oldu. 30 ilə yaxın bir müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazilərimizin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında azad olunmasında həmin peşəkar kadrların da xüsusi rolu olub. Tədbirdə, həmçinin diqqətə çatdırıldı ki, təhsil sahəsi ulu öndərin müdrik siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən də xüsusi diqqət və qayğı ilə əhatə olunub. Bu gün də ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri insan kapitalının inkişafı, hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Əbədiyyətin ilk əsri" filmi nümayiş olundu.