Hava şəraitinin dəyişməsi ilə əlaqədar Binəqədi rayonunda qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə iclas keçirildi
18 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayevin iştirakı ilə Bakı şəhərində 19-22 fevral tarixində hava şəraitinin dəyişəcəyini nəzərə alaraq qabaqlayıcı tədbirlər görülməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısı Aparatinın məsul əməkdaşlarının, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin, kommunal xidmət təşkilatlarının rəhbərlərinin, rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirildi.
İclasda hava şəraitinin dəyişməsi və qar yağıntısı ilə əlaqədar rayon təsərrüfatının hazırlığının vəziyyəti haqqında müzakirələr və fikir mübadiləsi aparıldı, küçə, prospekt, piyada səkilərinin, nəqliyyatın intensiv hərəkət etdiyi yolların vaxtında qardan təmizlənməsi və ilk növbədə əhalinin, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, müəssisə və təşkilatların fasiləsiz və keyfiyyətli elektrik enerjisi, qaz, su, istiliklə təchiz olunması ilə əlaqədar müvafiq tapşırıqlar verildi.
Sonda ərazilərin ciddi nəzarətdə saxlanması tədbir iştirakçılarının diqqətinə çatdırıldı.