Şriftin ölçüsü :

Saytın rəngi :

“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin (İnstitut) təlimçi-ekspertləri tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirildi

15 may 2023 | 11:25

15 may 2023-cü il tarixində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin (İnstitut) təlimçi-ekspertləri Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçdilər. 

Təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə etdi.

Təlimi giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq İnstitutun aktual mövzular ətrafında təşkil etdiyi  bu cür təlimləri yüksək dəyərləndirdiyini və gələcəkdə bu əməkdaşlığın davamlı olacağına ümid bəslədiyini vurğuladı.

İnstitutun Hüquqi tədqiqat şöbəsinin müdiri Araz Abdullasoy “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda çıxış edərək “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunlar, o cümlədən, Avropa Konvensiyasının 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 34-cü (Fərdi şikayətlər) maddələri barədə ətraflı şərh verdi, həmçinin,  bələdiyyələrin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı statistik rəqəmləri təlim iştirakçılarının diqqətinə çatdırdı.

Təlimdə İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” mövzusunda təqdimatla çıxış etmişdir. Təlimçi şəxsin sosial şəbəkə platformasından istifadə etmək hüququ və informasiya əldə etmək hüququndan istifadə zamanı internet qaydalarına tabeliliyi barədə məlumat verdi, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin (fikir və söz azadlığı), Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci maddələrinin (Təhqir) ətraflı təhlilini verdi. Həmçinin, V.Muradxanlı fikir və söz azadlığından sui-istifadə  edərək  insanları təhqir etməyin, onlara böhtan  atmağın cinayət məsuliyyətinə səbəb olduğunu vurğuladı.  

Təlimçi-ekspert Nəzrin Əliyevanın təqdimatında “Korrupsiya və rüşvət nədir?”, “Dövlət qulluqçularının etik davranış qaydaları” , və “Korrupsiya ilə əlaqədar yerli və beynəlxalq qanunvericilik” mövzuları dolğun izah  olunmuşdur. Təlimçi ötən il ərzində 281 şəxs barəsində 180 cinayət işinin məhkəməyə göndərildiyini, korrupsiya cinayətləri üzrə ödənilmiş ziyanın məbləğinin 49 milyon 153 min manat və üzərinə həbs qoyulmuş əmlakın məbləğinin 13  milyon 283 min manat olduğunu bildirdi.

Təlimçi-ekspert İsmayıl Musayev “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzusundakı təqdimatında biznes mühitinin inkişafı və xarici investorların cəlb edilməsi üçün QHT-lərlə əməkdaşlıq, ictimai nəzarətin təmin edilməsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında QHT-lərin rolu məsələlərinə toxunmuş, bu barədə ətraflı məlumat verdi.

Müzakirələr zamanı Rayon İcra Hakimiyyəti əməkdaşlarının sualları cavablandırıldı, mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

Keçidlər