Şriftin ölçüsü :

Saytın rəngi :

"İdrak" liseyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi

06 noyabr 2023 | 09:54

03.11.2023-cü il tarixində "İdrak" liseyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Tibb Xidməti baş leytenantı Yaqubova Sürəyya, polkovnik leytenant Qurbanov Səfər, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Qulu Məhərrəmli, "İdrak" liseyinin direktoru Natəvan Alışova, liseyin iqtisadi məsələlər üzrə direktoru Alışov İdris, qazi Qəhrəmanov Rəhman və qazi Əliyev İbrahim, liseyin direktor müavini Kərim Abidi, liseyin pedoqoji heyəti, şagird və valideyn kollektivi iştirak etdilər.

Torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. 

"İdrak" liseyinin direktor müavini Kərim Abidi tədbir iştiakçılarını salamladıqdan sonra, 8 Noyabr - Zəfər Günü münasibətilə hər kəsi təbrik etdi. Ardınca “Zəfər” rəqsi təqdim olundu.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik torpaq həsrətinə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir. 30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə düşdü. “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 19 sentyabrda isə 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”, deyə bildirdilər.

Tədbirin bədii hissəsində liseyin şagirdlərindən ibarət xor kollektivi tərəfindən “Bu gözəl Vətən”, “Şuşa” mahnıları ifa olundu.

Liseyin dram dərnəyinin şagirdləri “Zəfərin səsi” tamaşasını nümayiş etdirdilər.

Tədbirin yekunu və yaddaşlara əbədi həkk olunan hissəsi "İdrak" Liseyində təhsil alan qəhrəmanlar yadigarı - şəhid övladları və Azərbaycan Respublikasının əməkdar artisti, Akademik Opera və Balet teatrının solisti Gülüstan Əliyeva ilə birlikdə “Ey, Vətən” mahnısını ifa etmələri oldu.

Sonda xatirə fotosu çəkildi.

Keçidlər