Şriftin ölçüsü :

Saytın rəngi :

“İdrak” liseyində "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

11 dekabr 2025 | 08:28

09 dekabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Z.Bünyadov prospekti 3 ünvanında yerləşən “İdrak” liseyində "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici  tədbir  keçirildi.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim Ülkər Camalova, Bakı Narkoloji Mərkəzin əməkdaşı-sosioloq Fidan Ataxanlı, İdrak liseyinin direktoru İdris Alışov, liseyin müəllim və şagird kollektivi iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən İdrak liseyinin direktoru İdris Alışov qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü  bildirdi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.

Növbəti çıxış edənlər Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdilər ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.

Sonda çıxış edənlər Bakı Narkoloji Mərkəzin əməkdaşı-sosioloq Fidan Ataxanlı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı-həkim Ülkər Camalova, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışaraq, narkotik maddələrin qəbul edilməsi nəticəsində insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdilər.

Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş edildi.

Keçidlər