İrəvan Dövlət Azərbaycan Dram Teatrında Vətən müharibəsi şəhidi mayor Abbas Qasımovun anadan olmasının 40 illiyinə həsr olunmuş anım tədbiri keçirildi
16 mart 2026-cı il tarixində İrəvan Dövlət Azərbaycan Dram Teatrında Vətən müharibəsi şəhidi mayor Abbas Qasımovun anadan olmasının 40 illiyinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Azərbaycan Respublikasının Sərhəd Xidmətinin zabit heyəti, Qərbi Azərbaycan İcmasının Zəngibasar İcmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan televiziyasının kollektivi, şəhidin təhsil aldığı 157 № li tam orta məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Şəhid Abbas Qasımovun həyat və döyüş yolundan bəhs edən filmin nümayişindən sonra şəhidin anası Kifayət Qasımova övladının həyatından, mərdliyindən söhbət açaraq, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayığya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edənlər - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Qərbi Azərbaycan İcmasının Zəngibasar İcmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan televiziyasının rəhbəri Telli Pənahqızı, Azərbaycan Respublikasının Sərhəd Xidmətinin zabiti polkovnik leytenant Zaur Abbasov, şəhidin qohumları çıxışlarında qeyd etdilər ki, müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Sərhəd Qoşunlarının mayoru, əslən Qərbi Azərbaycandan olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb.... Vətən uğrunda canını qurban vermiş bütün şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik.
Sonda şəhid Abbas Qasımovun əziz xatirəsinə həsr olunmuş musiqi və təhsil aldığı 157 № li tam orta məktəbin müəllim və şagird heyətinin ifasında şeir nümunələri səsləndirildi.
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyünün bərpası, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









