Şriftin ölçüsü :

Saytın rəngi :

İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” monoqrafiyasının təqdimatı keçirildi

06 dekabr 2022 | 10:20

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında pedaqoji elmlər doktoru, professor Həsən Bayramovun “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” monoqrafiyasının təqdimatı keçirildi.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov kitabın tarixi əhəmiyyətindən, XX əsrin əvvəllərində İrəvan  şəhərində fəaliyyət göstərən İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolundan söz açıb. O, Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladıb, monoqrafiyanın təhsil tariximizin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsində, tədqiq və təbliğ olunmasında əhəmiyyətini qeyd etdi.

Tədbirdə professorlar İbrahim Bayramov, Elza Mollayeva, İslam Qəribli, Zakir Məmmədəliyev “İrəvan Müəllimlər Seminariyası haqqında monoqrafiyanın başlıca məziyyətləri”, “İrəvan dini maarifçiliyi haqqında”, “Azərbaycan maarifçiliyinin inkişafında İrəvan müəllimlər Seminariyasının rolu”, “Azərbaycan maarifçiliyinin nəzəri əsaslarına dair ciddi tədqiqat” və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova “Həsən Bayramov ictimaiyyətçi ziyalı və tədqiqatçı alim kimi” mövzularda məruzələrlə çıxış etdilər.

Çıxış edən natiqlər vurğuladılar ki, monoqrafiya milli maarifçilik hərəkatının aparıcı qüvvəsi olan İrəvan Müəllimlər Seminariyası, onun azərbaycanlı müəllim və tələbələri haqqında dolğun məlumatları özündə əks etdirməklə yanaşı həmçinin, milli təhsil, pedaqoji fikir, maarifçilik, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edən Seminariya haqqında məlumatların gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacaqdır.

Professor Həsən Bayramov kitabın Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasından ruhlanaraq yazıldığını diqqətə çatdırdı. O, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan təhsilində xüsusi yerini və əhəmiyyətini vurğulayaraq təhsil ocağının fəaliyyətinin bərpa edilməsi təşəbbüsü ilə çıxış etdi: “İctimai-siyasi və milli əhəmiyyətini nəzərə alaraq İrəvan Müəllimlər Seminariyasının Bakıda fəaliyyətinin bərpa edilməsi, eyni adlı seminariyanın ölkəmizdə fəaliyyət göstərməsi vacibdir. Hələ vaxtı ilə ümummilli lider Heydər Əliyev İrəvan Azərbaycan Dövlət Dram Teatrının fəaliyyətini bərpa edib, ona ayrıca bina verib. Şirvan şəhəri respublika statuslu yeganə şəhərdir ki, orada ali məktəb yoxdur. Həmin seminariyanın Şirvan şəhərində açılması məqsədəuyğun olardı”.

Sonda Həsən Bayramov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Keçidlər