Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət qulluqçularının etik davranış qaydaları və onların fəaliyyətində insan hüquqları aspekti” mövzusunda məlumat sessiyası keçirildi

23 dekabr 2025 | 14:42

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 dekabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları və onların fəaliyyətində insan hüquqları aspekti” mövzusunda məlumat sessiyası keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Zümrüd Əlizadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisələrin məsul əməkdaşları, İctimai Şura üzvləri və gənclər iştirak etdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “İnzibati icraat haqqında” qanunlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq dövlət qulluqçularına, işə yeni təyin olunmuş əməkdaşlara mütəmadi olaraq təlimlər təşkil olunur. Ölkə rəhbərliyinin bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, müraciətlər zamanı vətəndaş məmnunluğunun təmin edilməsi, eyni zamanda, dövlət qulluqçularının fəaliyyəti zamanı etik davranış qaydalarına əməl edilməsi hər zaman diqqət mərkəzindədir. Mütəmadi olaraq təşkil edilən təlimlərdə əməkdaşların iştirakı təmin edilir, eyni zamanda, bu istiqamətdə müxtəlif  təlim mərkəzləri ilə, o cümlədən, “Hüquq və İnsan Haqları İnstitutu” publik-hüquqi şəxslə əməkdaşlıq davam etdirilir.

Daha sonra İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Zümrüd Əlizadə tədbir iştirakçılarına İnstitutun fəaliyyəti haqqında məlumat verərək, insan hüquq və azadlıqları sahəsində, eləcə də qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində görülən işləri diqqətə çatdırdı. Təlimçi-ekspert “Dövlət qulluqçularının etik davranış qaydaları və onların fəaliyyətində insan hüquqları aspekti” mövzusunda-Etika və insan hüquqları anlayışı, Dövlət qulluqçularının etik davranış qaydalarının insan hüquqları baxımından önəmi, Dövlət qulluqçularının etik davranışının tənzimlənməsinin hüquqi çərçivəsi, İnsan hüquqları prizmasından etika prinsipləri, Etik davranış qaydaları pozuntularının qarşısının alınması, korrupsiya anlayışı, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə geniş təqdimatla çıxış edərək, iştirakçılara ətraflı məlumat verdi.

Tədbir müzakirə formatında davam etdi.

Keçidlər