Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gərək nəbzin Vətənin nəbzilə vursun” adlı konfrans-konsert keçirildi

08 may 2025 | 14:55

06 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gərək nəbzin Vətənin nəbzilə vursun” adlı konfrans-konsert keçirildi.

Tədbirdə şəhid ailələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin şöbə müdiri Əfsanə Gülməmmədova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının əməkdaşları Kubra Əliyarlı və Səbinə Zeynalova, F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin direktor vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Lətifəxanım Əliyeva, məktəbin pedaqoji heyəti və valideynlər iştirak edirdilər.

Konfrans-konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı, suvenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.

Konfransın kuratoru və aparıcısı Aytən Manafova və məktəbin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Günel Qarayeva qonaqları salamlayaraq tədbirin əhəmiyyəti və mahiyyəti barədə məlumat verdilər.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Quliyeva qeyd etdi ki, dünya şöhrətli siyasi lider-Ulu Öndər Heydər Əliyev mədəniyyət və incəsənətin böyük hamisi olmuşdur. Onun uzaqgörən siyasəti nəticəsində incəsənət sahəsi inkişaf etmiş, mədəniyyət xadimlərinə hər zaman xüsusi diqqət göstərilmişdir. Azərbaycan mədəniyyətinin dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir.  Ulu Öndər gənclərin təhsilinə və yaradıcılıq fəaliyyətinə böyük önəm verirdi. O bilirdirir ki, bir millətin gələcəyi onun mədəni irsini qoruyan və inkişaf etdirən yeni nəsillərlə bağlıdır. Sizin uğurlarınız ölkəmizin gələcəyini daha parlaq edəcəkdir. 

Daha sonra çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin şöbə müdiri Əfsanə Gülməmmədova bildirdi ki, ümummilli lider Heydər Əliyev siyasəti və dövlətçilik ənənələri Azərbaycan xalqının sabit, güclü və müstəqil gələcəyinin əsasını qoymuşdur. Onun yaratdığı dəyərlər bu gün də davam edir və ölkəmizin hərtərəfli inkişafına istiqamət verir. 

Tədbirdə musiqişünas F.Nəbiyevanın “H.Əliyev və Azərbaycan musiqi mədəniyyəti”, C.Həsənovun “Dünənin, bu günün və gələcəyin Partiyası”, A.Manafovanın “Mehriban Əliyeva müasir Azərbaycan qadının siması kimi” məruzələri dinlənildi.

Tədbirin bədii hissəsində Ulu Öndər Heydər Əliyevin çox sevdiyi musiqi parçaları məktəbin müəllimləri tərəfindən təqdim edildi. Konsertdə məktəbin xor kollektivinin ifası və “Odlar Yurdu” rəqs kollektivinin təqdimatında rəqslər izlənildi.

Sonda xatirə fotosu çəklildi.

Keçidlər