Milli Qəhrəman Fərhad Hümbətovun xatirəsi yad edildi
29 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun Binəqədi rayonu ərazisində yerləşən büstü qarşısında xatirəsi yad edildi.
Tədbirdə şəhidin anası Salatın Hümbətova, ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rauf Həsənov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi polkovnik Hüseyn Quliyev, Aparatın əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Rəsulzadə qəsəbə bələdiyyəsinin kollektivi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, İctimai Birliklərin məsul nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin rəhbərləri, müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirərək qeyd etdi ki, şəhidlərimizin hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimizdir. Sevinc Süleymanova Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun həyatı və keçdiyi döyüş yolu haqqında iştirakçılara məlumat verərək söylədi ki, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda silaha sarılaraq mübarizəyə qalxan igid oğullarımızın arzularını Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qəhrəman əsgərlərimiz reallaşdırdılar. Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu və iradəsi sayəsində igidlərimiz Vətən müharibəsində Şanlı tarix yazdılar, bayrağımızı zirvələrdə dalğalandırdılar. Bu bizim möhtəşəm tarixi qələbəmiz və zəfərimiz oldu.
Daha sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri İlham Qayıbzadə şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək, onların ailələrinə böyük ehtiramını bildirdi.
Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov ilə bağlı xatirələrini bölüşən anası-Salatın ana hər bir şəhidimizin qəhrəman olduğunu, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Tədbir 99 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeir kompozisiyası ilə davam etdi.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!